Abu-Dabidə Ukrayna və Rusiya arasında təkcə ABŞ-ın iştirakı ilə üçtərəfli deyil, həm də ikitərəfli danışıqlar keçirilib – bu barədə “Axios” nəşri məqalə dərc edib.
Nəşr bu məlumatı amerikalı və ukraynalı rəsmi şəxslərə istinadən yayıb.
Mənbələrin bildirdiyinə görə, şənbə günü amerikalı vasitəçilər rus və ukraynalı danışıqlar aparan nümayəndələrlə birgə görüşlər keçiriblər, eyni zamanda Rusiya və Ukrayna tərəfləri amerikalıların iştirakı olmadan birbaşa da görüşüblər.
Amerikalı rəsmi şəxslər bildiriblər ki, iki gün davam edən danışıqlar zamanı bütün məsələlər müzakirə olunub – Rusiyanın Donbasdakı ərazi tələbləri, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı mübahisə və deeskalasiya addımları.
“Hamısı müzakirə olundu. Müzakirələr zamanı heç kim hörmətsizlik etmədi. Heç bir müzakirə mövzusunu kənarda qoymadıq və heç kimə təzyiq göstərməyə ehtiyac olmadı. Otaqda böyük qarşılıqlı hörmət gördük, çünki tərəflər səmimi şəkildə çıxış yolu axtarırdılar”, – deyə amerikalı rəsmilərdən biri bildirib.
“Hər şey gözlənildiyi kimi yaxşı keçdi. Hazırda olduğumuz mərhələdən razıyıq”, – deyə digər amerikalı rəsmi şəxs qeyd edib.
Ukraynalı yüksəkvəzifəli məmurun məlumatına görə isə, “əhəmiyyətli irəliləyiş” əldə olunmasına baxmayaraq, Rusiyanın prezidenti Vladimir Putinin müharibəni həqiqətən bitirmək istəyib-istəmədiyi və danışıqlar aparan nümayəndələrinə razılaşma əldə etmək üçün səlahiyyət verib-verməyəcəyi hələ də qeyri-müəyyəndir.
Məlumat üçün bildirək ki, 23–24 yanvar tarixlərində Abu-Dabidə keçirilən iki günlük danışıqlar başa çatıb. Medianın məlumatına görə, danışıqların növbəti raundu yenidən Birləşmiş Ərəb Əmirliklərində, 1 fevral tarixində keçiriləcək.