Axaldab istiqamətində gedən yolda yamacın möhkəmləndirilməsi işlərinə başlanılır

12:58, 15.07.2026

Vake rayonunda, Axaldab istiqamətində gedən yolda yamacın möhkəmləndirilməsi üzrə genişmiqyaslı işlərə başlanılır. Layihənin məqsədi yol təhlükəsizliyinin təmin edilməsi, sürüşmə təhlükəsinin qarşısının alınması və yerli sakinlərin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında məlumat verib.

Merin sözlərinə görə, layihə çərçivəsində sürüşmə riski olan yamacda mühəndis-profilaktik tədbirlər həyata keçiriləcək. İşlər ümumilikdə 13 min kvadratmetrlik ərazidə aparılacaq.

“Təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin hissədə svaylı dəmir-beton istinad divarları inşa ediləcək. Həmçinin yamacda 2060 anker quraşdırılacaq, polad sinklənmiş tor və tros sistemi çəkiləcək. Bu tədbirlər süxurların tökülməsi və sürüşmə proseslərinin yaranması riskini aradan qaldıracaq. Səth sularının uzaqlaşdırılması üçün drenaj kanalı da inşa ediləcək ki, bu da yamacın dayanıqlığını daha da artıracaq. İşlərin sonunda yol bərpası aparılacaq, asfalt örtüyü salınacaq, müasir metal qoruyucu baryerlər quraşdırılacaq və yol infrastrukturu tam şəkildə yenilənəcək”, – deyə Kaxa Kaladze bildirib.

Merin məlumatına görə, Tbilisi meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti tərəfindən həyata keçiriləcək yamacın möhkəmləndirilməsi işlərinə yaxın günlərdə başlanacaq və layihənin 8 ay ərzində başa çatdırılması planlaşdırılır.

Oxşar