"Ajet" aviaşirkəti sentyabr ayının sonundan etibarən Ankara–Tbilisi–Ankara marşrutu üzrə həftədə dörd dəfə uçuşlar həyata keçirəcək
"Ajet" aviaşirkəti sentyabr ayının sonundan etibarən Ankara–Tbilisi–Ankara marşrutu üzrə həftədə dörd dəfə uçuşlar həyata keçirəcək

 

Aşağıbüdcəli “Ajet” aviaşirkəti Ankara–Tbilisi–Ankara hava xətti üzrə müntəzəm hava hərəkəti həyata keçirməyə başlayır.

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyinə təqdim olunan müraciətə uyğun olaraq, uçuşlar sentyabrın sonundan etibarən həftədə dörd uçuş tezliyi ilə hər bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

“Ajet” aviaşirkəti Türkiyənin ən böyük hava daşıyıcısı olan “Türkiyə Hava Yolları”nın törəmə şirkətidir. Mülki Aviasiya Agentliyi aviaşirkətə yeni marşrut üzrə müntəzəm hava hərəkətinin həyata keçirilməsi üçün zəruri icazəni artıq verib.

Qeyd etmək lazımdır ki, Gürcüstan və Türkiyənin paytaxtları arasında birbaşa hava hərəkətinin başlaması cari ilin iyul ayında iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə “Türkiyə Hava Yolları”nın direktorlar şurası və icraçı komitəsinin sədri Ahmet Bolat arasında keçirilmiş görüşdə müzakirə olunub. Həmçinin, iki ölkə arasında hava hərəkətinin daha da artırılması və yeni hava marşrutlarının açılması imkanları haqqında da danışılıb. Gürcüstan qonşu ölkələr arasında ən fəal hava əlaqəsinə məhz Türkiyə ilə malikdir. Ötən ilin məlumatlarına əsasən, iki ölkə arasında 1 milyon 200 mindən çox sərnişin daşınıb, bu da Gürcüstanla qonşu ölkələr arasında ümumi sərnişin axınının 47%-ni təşkil edir.

2025-ci ilin ilk yeddi ayına olan vəziyyətə görə, Gürcüstanın hava limanlarında rekord sayda, iyirmi mindən çox beynəlxalq və yerli aviareys yerinə yetirilib. Yanvar–iyul aylarında həyata keçirilən sərnişin və yük daşımaları üzrə aviareyslərin sayı (20 766) 2024-cü ilin eyni dövründə həyata keçirilən uçuşların sayından 16% çoxdur. Bugünkü vəziyyətə əsasən, ölkənin üç beynəlxalq hava limanında uçuşlar həftədə təxminən 745 uçuş tezliyi ilə yerinə yetirilir. 2025-ci ilin ilk yeddi ayında Gürcüstanın hava limanları vasitəsilə ümumilikdə 4 601 048 sərnişin daşınıb, bu da 2024-cü ilin analoji dövründəki sərnişin sayından 13% çoxdur” – qurum tərəfindən yayılmış məlumatda deyilir.