Aİ-nin BMT-dəki daimi nümayəndəsinin müavini – Gürcüstanı son dövrlərdə qəbul edilmiş qanunvericiliyi ləğv etməyə və ya əsaslı şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq
“Gürcüstanı son dövrlərdə qəbul edilmiş qanunvericiliyi ləğv etməyə və ya əsaslı şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq”. Bu barədə Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyasında Avropa İttifaqının daimi nümayəndəsinin müavini Mişel Çervone Dursu bəyanat verib.
Bəyanata Albaniya, Lixtenşteyn, Moldova, Monteneqro və Şimali Makedoniya da qoşulub.
Çıxışı zamanı Aİ nümayəndəsi dünyanın müxtəlif ölkələrində insan hüquqları sahəsində mövcud problemlərə diqqət çəkib. Bəyanatda Gürcüstana ayrıca tematik bölmə həsr olunub.
“Avropa İttifaqı Gürcüstana fundamental azadlıqları qorumaq öhdəliyini xatırladır və beynəlxalq insan hüquqları standartlarını sarsıdan son qanunvericiliyin ləğv edilməsinə və ya əsaslı şəkildə yenidən nəzərdən keçirilməsinə çağırır.
Avropa İttifaqı vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından, eləcə də müxalifət nümayəndələrinə, insan hüquqları müdafiəçilərinə və müstəqil mediaya qarşı repressiv tədbirlərin görülməsindən dərin narahatlıq keçirir.
Avropa İttifaqı özbaşına həbsləri və artan repressiyaları, o cümlədən müxalifət liderlərinin, müstəqil jurnalistlərin, media əməkdaşlarının və vətəndaş cəmiyyəti fəallarının həbsini qətiyyətlə pisləyir.
Avropa İttifaqı Gürcüstanın bu məsələləri həll etməli, siyasətini beynəlxalq standartlara uyğunlaşdırmalı və demokratik institutlara inamı bərpa etmək üçün konstruktiv dialoqa qoşulmalı olduğunu vurğulayır”, – deyə Mişel Çervone Dursu bildirib.