Ağ Evin məlumatına görə, Donald Tramp may ayının ortalarında Çinə səfər edəcək
ABŞ Prezidenti Donald Tramp may ayının ortalarında Çinə səfər edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
Ağ Evdən bildirilib ki, Tramp səfəri 14-15 may tarixlərinə təxirə salıb.
Eyni zamanda, Kerolayn Levittin sözlərinə görə, Donald Tramp və ABŞ-ın birinci xanımı Melaniya Tramp daha sonra Ssi Cinpinə Vaşinqtonda ev sahibliyi edəcəklər.
Ağ Evin mətbuat katibi, İranla bağlı müharibənin başa çatmasının görüşün təşkilinin şərti olduğu xəbərlərini təsdiqləməyib.
“Görüşün təxirə salınması barədə danışıq aparılırdı. Ssi Cinpin anlayıb ki, hazırkı hərbi əməliyyatlar zamanı prezidentin ölkədə olması nə qədər vacibdir,” – deyə Kerolayn Levitt qeyd edib.
Məlumat üçün bildirək ki, Donald Trampın Çin səfəri ilkin olaraq 30 mart tarixinə planlaşdırılmışdı, lakin İranda davam edən münaqişə səbəbindən təxirə salınıb.
Çin və ABŞ liderləri sonuncu dəfə ötən ilin oktyabr ayında görüşüblər.