Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenskinin görüşü başladı
21:32, 18.08.2025
Vaşinqtonda, Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenskinin ikitərəfli görüşü başladı. Volodimir Zelenskini Ağ Evdə ABŞ prezidenti qarşıladı. Bundan əvvəl Ağ Evə NATO-nun baş katibi və avropalı liderlər gəlmişdilər.
Hazırda Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə media üçün bəyanatlar verirlər.
Bu gün açıqlanmış qrafikə görə, ABŞ və Ukrayna prezidentlərinin danışıqları təxminən bir saat davam edəcək.
Mövcud məlumata görə, görüşdə vitse-prezident Cey Di Vens də iştirak edəcək. Sözügedən görüşdən sonra danışıqlara avropalı liderlər də qoşulacaqlar. Xüsusilə, danışıqlara Avropa Komissiyasının prezidenti Ursula fon der Layen, NATO-nun baş katibi Mark Rutte, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, İtaliyanın baş naziri Corcia Meloni, Finlandiya prezidenti Aleksandr Stub qatılacaqlar. ABŞ tərəfindən isə bu görüşdə dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndələri Stiv Uitkof və Kit Kelog iştirak edəcəklər.