Ağ Ev – İlon Mask Donald Tramp administrasiyasında hökumətin xüsusi əməkdaşı kimi xidmət edir
İlon Mask hökumətin xüsusi əməkdaşı statusu ilə xidmət edir. Bu haqda məlumatı “CNN” Ağ Evə istinadən yayır.
Ağ Evin nümayəndəsi bildirib ki, İlon Mask rəsmi olaraq prezident Donald Trampın administrasiyasında “hökumətin xüsusi əməkdaşı” kimi xidmət edir.
“CNN”in yazdığı kimi, bu status İlon Maskın könüllü olmadığı, lakin onun tam ştatlı federal işçi də olmadığı mənasına gəlir.
ABŞ-ın Ədliyyə Departamentinin izahatına əsasən, “hökumətin xüsusi əməkdaşı 365 gün ərzində 130 gün və ya daha az müddət hökumət üçün işləyən və ya işləməsi gözlənilən hər hansı şəxsdir”.
“CNN”in mənbəsinin məlumatına əsasən, Mask bu xidmətə görə maaş almır.
Medianın məlumatına əsasən, bu vəzifə Maskdan hökumətin bir çox etik standartlarına riayət etməyi tələb edir, lakin hamısına deyil. Maskın statusunun ondan ictimai maliyyə bəyannaməsi təqdim etməsini tələb edib-etmədiyi hələlik bilinmir.