Ağ Ev – Amerika Birləşmiş Ştatları və Rusiya Qara dənizdə atəşkəs və enerji obyektlərinə hücumların qadağan edilməsi barədə razılaşdılar
ABŞ və Rusiya nümayəndə heyətləri martın 24-də Səudiyyə Ərəbistanında danışıqlar nəticəsində Qara dənizdə atəşkəs və enerji obyektlərinə hücumların qadağan edilməsi barədə razılaşdılar.
Bu barədə Ağ Evin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, tərəflər gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, güc tətbiqinin istisna edilməsi və Qara dənizdə ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması barədə razılığa gəliblər.
Bəyanatda həmçinin qeyd olunub ki, Vaşinqton və Moskva, Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qadağan edilməsi barədə razılaşmanın həyata keçirilməsi üçün tədbirlərin hazırlanması barədə razılaşıblar.
Bəyanatda deyilir ki, Amerika Birləşmiş Ştatları və Rusiya möhkəm və uzunmüddətli sülhə nail olmaq üçün işləməyə davam edəcəklər.
Bununla yanaşı, ABŞ Ər-Riyadda əldə olunmuş razılaşmalara uyğun olaraq sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflər arasında danışıqlara yardım etməyə davam edəcək.
Məlumat üçün bildirək ki, Rusiya ilə ABŞ arasında görüş martın 24-də Ər-Riyadda 12 saat boyunca davam edirdi.
Kremldə bildirirlər ki, Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə müzakirə “Qara dəniz taxıl təşəbbüsü”nün yenilənməsi məsələsinə fokuslanmışdı.
Bununla yanaşı, bu gün Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətlərinin iştirakı ilə daha bir görüş keçirilib.