Afinada gənclər təhsil şəraitinə və yüksək yaşayış xərclərinə etiraz edirlər
Yunanıstanda, Afinanın mərkəzində tələbələrin aksiyası keçirilir. Gənclər təhsil şəraitinə və yüksək yaşayış xərclərinə etiraz etdiklərini bildirirlər.
Afina Universitetinin qarşısına toplaşanların sözlərinə əsasən, onlar kirayə, ərzaq və dəftərxana ləvazimatları kimi əsas yaşayış xərclərini belə qarşılaya bilmirlər. Tələbə həmkarlar ittifaqları isə dövlətdən təhsilin yaxşılaşdırılması üçün əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edirlər.
Etirazlara müəllimlər də qoşulublar. Onlar maaşların artırılmasını və təhsil sahəsindəki vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər.
“Biz ləyaqətli məvacib, təhlükəsiz binalar və iqtisadi vəziyyətindən, mənşəyindən və ya cinsindən asılı olmayaraq bütün şagirdlərimizə təhsil verəcək məktəblər tələb edirik. Hesab edirik ki, məktəblərdəki mövcud vəziyyət, o cümlədən təchizat baxımından qəbuledilməzdir” – Orta Təhsil Müəllimləri Federasiyasının prezidenti Andreas Karqopulos açıqlayıb.
Yunanıstan hökuməti bəyan edib ki, yeni tələbə yataqxanalarının tikintisi layihəsi üzərində işləyirlər və mövcud infrastrukturu yaxşılaşdırırlar.