Adigeni bələdiyyəsinin Qomaro kəndində baş verən torpaq sürüşməsinin vurduğu ziyanı xüsusi komissiya qiymətləndirəcək
Adigeni bələdiyyəsinin Qomaro kəndində gecə saatlarında baş verən torpaq sürüşməsindən sonra təmizləmə işləri səhər saatlarından etibarən ağır texnikanın cəlb olunması ilə bərpa olunacaq. Adigeni bələdiyyəsinin meri Qoça Kimadzenin sözlərinə görə, hazırda avtomobil yolunun hərəkət hissəsi artıq təmizlənib.
Mer bildirib ki, hadisə yerinə hidroloqların, geoloqların və tikinti mütəxəssislərinin cəlb edilməsi zəruridir. Məqsəd gələcəkdə oxşar təbii fəlakətlərin qarşısının alınmasının mümkünlüyünü qiymətləndirməkdir.
Bununla yanaşı, təbii fəlakətin vurduğu ziyan xüsusi komissiya tərəfindən yerində qiymətləndiriləcək.
Güclü yağışlardan zərər çəkmiş kəndlərdə aparılan işlərlə Adigeni bələdiyyəsinin meri Qoça Kimadze ilə birlikdə dövlət nümayəndəsinin birinci müavini Giorgi Koçiaşvili, meriya, bələdiyyə məclisi, Yanğınsöndürmə-Xilasetmə Xidməti və bələdiyyədə xüsusi yaradılmış komissiyanın nümayəndələri tanış olublar.
Xatırladaq ki, intensiv yağıntılar Qomaro, Kvemo Enteli və Şoğa kəndlərində problemlərə səbəb olub. Qomaro kəndində iki yaşayış evi və yol infrastrukturu zədələnib, Kvemo Entelidə kənd təsərrüfatı sahələrinə ziyan dəyib, Şoğa kəndində isə həm kənd təsərrüfatı sahələri, həm də yol infrastrukturu zərər görüb.