ABŞ və Ukraynanın birgə bəyanatı - Diskussiyalar mövqelərin uzlaşdırılması istiqamətində mühüm irəliləyiş göstərdi, tərəflər yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivəsi hazırladılar
ABŞ və Ukraynanın nümayəndələri Cenevrədə ABŞ-nin “sülh planı”nı müzakirə etmək üçün keçirilən görüş və diskussiyalar nəticəsində yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivəsi hazırladılar. Bu haqda Ukrayna Prezident Administrasiyasının veb saytının yaydığı Amerika Birləşmiş Ştatları və Ukrayna tərəfindən yayılmış birgə bəyanatda qeyd olunub.
Birgə bəyanata əsasən, “danışıqlar konstruktiv, fokuslanmış və hörmətlə dolu olub, bu isə ədalətli və dayanıqlı sülhə nail olmaq istiqamətində ortaq sadiqliyi vurğulayırdı”. Həmçinin, hər iki tərəf məsləhətləşmələrin çox məhsuldar olduğu haqda razılaşır.
Tərəflərin yaxın günlərdə birgə təklif üzərində intensiv işləməyə davam edəcəkləri haqda məlumat yayılıb.
“Diskussiyalar mövqelərin uzlaşdırılması və sonrakı addımların dəqiq müəyyənləşdirilməsi istiqamətində mühüm irəliləyiş göstərdi. Onlar bir daha təsdiqləyiblər ki, istənilən gələcək razılaşma Ukraynanın suverenliyini tamamilə qorumalı, dayanıqlı və ədalətli sülhü təmin etməlidir. Diskussiyalar nəticəsində tərəflər yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivəsi hazırladılar. Ukrayna nümayəndə heyəti müharibəni və insan itkisini bitirmək üçün yorulmaz səyinə görə ABŞ-a və şəxsən prezident Donald Trampa bir daha minnətdarlığını ifadə edib.
Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində intensiv işləməyə davam etmək haqda razılığa gəliblər. Prosesin irəliləməsi ilə birlikdə onlar həmçinin avropalı tərəfdaşları ilə sıx təmasda qalacaqlar. Bu çərçivədə yekun qərarları Ukrayna və ABŞ prezidentləri verəcəklər. Hər iki tərəf sülhə nail olmaq üçün birlikdə işləməyə davam etməyə hazır olduğunu bir daha təsdiqləyib, bu isə Ukraynanın təhlükəsizliyini, sabitliyini və yenidən qurulmasını təmin edəcək” – birgə bəyanatda qeyd olunub.