ABŞ və Ukrayna faydalı qazıntılar haqqında razılaşmanı imzalayıblar və investisiya fondunun yaradılması barədə razılığa gəliblər
ABŞ və Ukrayna faydalı qazıntılar haqqında razılaşmanı imzalayıblar və investisiya fondunun yaradılması barədə razılığa gəliblər. Bu barədə ABŞ-nin Xəzinədarlıq Departamenti və Ukraynanın birinci vitse-baş naziri Yuliya Sviridenko bildirir.
“Aprelin 30-da Amerika Birləşmiş Ştatları və Ukrayna investisiya fondunun yaradılmasını nəzərdə tutan razılaşmanı imzalayıblar. Prezident Trampın davamlı sülhü təmin etməyə yönəlmiş yorulmaz səyi sayəsində mən Amerika Birləşmiş Ştatları və Ukrayna arasında bugünkü tarixi iqtisadi tərəfdaşlıq razılaşmasının imzalandığını elan etməkdən məmnunam. Bu razılaşma investisiya fondunun əsasını qoyur. Prezidentin dediyi kimi, Amerika Birləşmiş Ştatları bu amansız və mənasız müharibənin sona çatmasına dəstək verməyə dair öhdəlik götürür. Bu razılaşma Rusiyaya açıq şəkildə işarə edir ki, Tramp administrasiyası sülh prosesinin azad, suveren və çiçəklənən Ukrayna üzərində uzunmüddətli perspektivdə qurulmasına dair öhdəlik götürür. Prezident Tramp bu tərəfdaşlığa Amerika və Ukrayna xalqları arasında Ukraynada daimi sülhə və rifaha hər iki tərəfin öhdəliyini göstərmək üçün qərar verdi” – ABŞ-nin Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besent qeyd edib.
ABŞ-nin Xəzinədarlıq Departamentinin bəyanatında qeyd olunub ki, həm Amerika Birləşmiş Ştatları, həm də Ukrayna hökuməti Ukrayna, eləcə də Amerika xalqı naminə bu tarixi iqtisadi tərəfdaşlığın tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyir.
Öz növbəsində, Ukraynanın birinci vitse-baş naziri Yuliya Sviridenko Amerika Birləşmiş Ştatları ilə faydalı qazıntılar haqqında razılaşmanın imzalandığını təsdiqləyib.
“ABŞ-nin Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besentlə birlikdə ABŞ-Ukrayna investisiya fondunun yaradılması haqqında razılaşmanı imzaladım” – Sviridenko yazır.
Onun sözlərinə görə, razılaşmanın əsas bəndləridir: “1. Tam mülkiyyət və nəzarət Ukraynaya qalır. Məhz Ukrayna dövləti müəyyənləşdirir, harada və nə hasil edilməlidir. Faydalı qazıntılar Ukraynanın mülkiyyətində qalır. 2. ABŞ və Ukrayna arasında bərabərhüquqlu tərəfdaşlıq. Fond 50/50 prinsipi ilə yaradılır. 3. Milli mülkiyyət qorunur. İmzalanmış razılaşma özəlləşdirmə proseslərinə və ya dövlət şirkətlərinin idarə olunmasına dəyişiklikləri nəzərdə tutmur. “Ukrnafta” və “Energoatom” kimi şirkətlər dövlətin mülkiyyətində qalır. 4. Heç bir borc yoxdur. İmzalanmış razılaşmada Ukraynanın ABŞ qarşısında heç bir öhdəliyindən söz edilmir.
Razılaşmanın həyata keçirilməsi hər iki ölkəyə bərabərhüquqlu əməkdaşlıq və investisiyalar sayəsində iqtisadi potensialını artırmağa imkan verəcək”.
Bununla yanaşı, Sviridenko bildirib ki, razılaşma Ukrayna Konstitusiyasına uyğundur və Ukraynanın Avropaya inteqrasiya kursunu dəyişmir.
“Həmçinin, bu beynəlxalq oyunçulara dövlətimizlə uzunmüddətli əməkdaşlığın etibarlı olduğuna dair bir siqnal olacaq” – Sviridenko qeyd edib.
Razılaşma Ali Rada tərəfindən ratifikasiya edilməlidir.