ABŞ və Səudiyyə Ərəbistanı mülki nüvə energetikası sahəsində razılıq əldə ediblər
ABŞ və Səudiyyə Ərəbistanı mülki nüvə energetikası sahəsində tarixi razılıq əldə ediblər. Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Razılaşma krallığa Amerika texnologiyalarından istifadə etməklə nüvə reaktorları inşa etməyə və uranı ölkə daxilində zənginləşdirməyə imkan verəcək.
KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanı ilə mülki nüvə sazişinin imzalanması istiqamətində danışıqlar illərdir aparılırdı. Bu proses həm ABŞ Prezidenti Donald Trampın ilk administrasiyası, həm də sabiq Prezident Co Bayden administrasiyası dövründə davam edib.
Lakin indiyədək saziş imzalanmayıb. Buna səbəblərdən biri nüvə silahının yayılmaması sahəsində fəaliyyət göstərən təşkilatların xəbərdarlıqları olub. Həmin təşkilatlar hesab edirdilər ki, belə bir razılaşma Səudiyyə Ərəbistanına nüvə silahı hazırlamaq imkanı yarada bilər.
Bayden administrasiyasının müzakirə etdiyi plandan fərqli olaraq, yeni sazişə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə genişmiqyaslı və qəfil yoxlamalar aparmaq səlahiyyəti verən əlavə protokol daxil edilməyib.