ABŞ və Braziliya prezidentləri Kuala Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində görüşüblər
ABŞ və Braziliya prezidentləri Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində bir araya gəliblər. Donald Tramp bildirib ki, o və Luis Inasio Lula da Silva bəzi məsələlərdə razılığa gələ bilərlər.
“Düşünürəm ki, biz Braziliya ilə razılığa gələcəyik. Biz bir-birimizi yaxşı anlayırıq. Həmişə yaxşı münasibətimiz olub və inanıram ki, bu, belə də davam edəcək,” – deyə Tramp qeyd edib.
Lula isə vurğulayıb ki, ABŞ-Braziliya münasibətlərinin inkişafı ilə bağlı müsbət gözləntiləri var.
“Braziliya ilə Amerika arasında hər hansı başqa növ münaqişə üçün heç bir səbəb yoxdur,” – deyə Lula bildirib.
Xatırladaq ki, avqust ayında Donald Tramp Braziliyadan ABŞ-a idxal olunan məhsullara tətbiq edilən tarifləri 10 faizdən 50 faizə qədər artırmışdı. Bu addım iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Gərginliyin əsas səbəbi isə Braziliyanın sabiq lideri Jair Bolsonaroya qarşı açılmış cinayət işi idi. Məhkəmə onu dövlət çevrilişi planlaşdırmaqda günahkar bilmiş və 27 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Tramp bu işi siyasi təqib kimi qiymətləndirərək qarşı tərəfi “cadugərlərə qarşı ov”u dayandırmağa çağırmışdı. Bundan sonra Lula bir neçə dəfə vurğulamışdı ki, Braziliyada məhkəmə sisteminə hər hansı müdaxilə yolverilməzdir.