ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien danışıqlar nəticəsində ticarət razılaşmasına nail olublar.
“Biz razılaşmaya nail olduq. Bu, hamı üçün yaxşı razılaşmadır. Bu, bizi bir-birimizə yaxınlaşdıracaq. Bu, müəyyən baxımdan əməkdaşlıqdır” – Donald Tramp jurnalistlərlə söhbətində qeyd edib.
Razılaşmanın əsas bəndləri belədir: Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq, həmçinin Avropa İttifaqı ABŞ-a əlavə olaraq 600 milyard dollar sərmayə qoyacaq.
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa mallarının ABŞ-a idxalına 15%-lik rüsum tətbiq ediləcəyini təsdiqləyib.
Ursula fon der Laien bunu “çətin danışıqlardan” sonra əldə edilən “böyük razılaşma” olaraq qiymətləndirib. Razılaşma nəticəsində Avropa İttifaqı avqustun 1-dən qüvvəyə minməli olan 30%-lik rüsumların əvvəlcədən qarşısını alıb.