ABŞ Senatı tarixdə ən uzunmüddətli "şatdaun"dan sonra hökumətin yenidən açılması istiqamətində ilk addım olan qanun qəbul edib

 

ABŞ Senatı tarixdə ən uzunmüddətli “şatdaun”dan sonra hökumətin yenidən açılması istiqamətində ilk addım olan qanun qəbul edib. Demokratların kiçik bir qrupu razılığa nail olmaq üçün Respublikaçıları dəstəkləyib.

Texasın senatoru Con Kornin zala daxil olan kimi qanun layihəsini dəstəklədiyini bəyan edib, bununla da Respublikaçılar və Demokratların müəyyən hissəsi prosedur səsverməsindən keçmək üçün lazım olan 60 səsi topladılar. İndi qanun layihəsini Nümayəndələr Palatası müzakirə etməlidir, daha sonra isə təsdiq üçün prezident Donald Trampa göndəriləcək. Bu prosesə ola bilsin bir neçə gün lazım olsun.

Amerika Birləşmiş Ştatlarında maliyyələşdirmənin dayandırılmasına görə federal qurumların fəaliyyətinin dayandırılması mənasına gələn “şatdaun” oktyabrın 1-dən elan edilib. Demokratlar və Respublikaçılar arasında yeni büdcə layihəsi ilə bağlı fikir ayrılığı bunun səbəbidir. Fikir ayrılığının əsas səbəbi səhiyyə xərcləridir.