ABŞ səfirliyi - Gürcüstanın hüquq-mühafizə orqanları səfirliyə məlumat verdilər ki, heç bir ticarət mərkəzində partlayıcı qurğu aşkar edilməyib, təhlükəsizlik ofisi öz tövsiyəsini ləğv etdi
ABŞ-nin Gürcüstandakı səfirliyi növbəti bəyanat yayır. Səfirlik bu dəfə öz vətəndaşlarına məlumat verir ki, Tbilisidə yerləşən üç ticarət mərkəzində – “East Point”, “Galleria Tbilisi” və “Tbilisi Mall”da partlayıcı qurğunun olması ehtimalı ilə bağlı mayın 7-də verilmiş ehtiyat tədbirləri ləğv edilib.
“Mayın 7-də ABŞ səfirliyi tərəfindən yayılmış bildirişdən sonra Gürcüstanın hüquq-mühafizə orqanları dünən gecə Tbilisidəki səfirliyə bəhsi keçən bu üç ticarət mərkəzində partlayıcı qurğunun aşkar edilmədiyi barədə məlumat verdilər. Regional Təhlükəsizlik Ofisi səfirliyin əməkdaşları üçün bu ərazilərdən uzaq durmaq haqda tövsiyəsini ləğv edib” – bəyanatda deyilir.
ABŞ səfirliyi öz vətəndaşlarını yerli medianın xəbərlərini izləməyə və öz ətraflarında diqqətli olmağa çağırır.
Məlumat üçün bildirək ki, mayın 7-də Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi öz vətəndaşları üçün xəbərdarlıqedici bəyanat yayıb və bəyanatda səfirliyin Tbilisinin üç ticarət mərkəzində bomba partlayışı təhlükəsi barədə məlumat aldığı qeyd olunub.
Buna cavab olaraq Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb, bəyanata əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bölmələri növbəti yalan xəbər üzərində işləyirlər.
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti diplomatik nümayəndəlikləri təhlükəsizliyə cavabdeh xidmətlərin fəaliyyətinə hörmət etməyə və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatları yaymaqdan çəkinməyə çağırıb.