ABŞ səfirliyi bəyanat yayıb – Qvaramiya, İaşvili və Dameniya işlərində qərar Gürcüstanın qanunun aliliyinə sadiqliyini şübhə altına alır
ABŞ-ın Gürcüstandakı səfirliyi “Rustavi 2” işi üzrə Nika Qvaramiya, Kaxaber Dameniya və Zurab İaşvilinin işi üzrə məhkəmə qərarı ilə bağlı bəyanat yayıb.
“Qvaramiya, İaşvili və Dameniya işi üzrə bugünkü məhkəmə qərarı Gürcüstanın qanunun aliliyinə sadiqliyini şübhə altına alır və Gürcüstanda müstəqil, qərəzsiz məhkəmə sisteminin fundamental əhəmiyyətini daha da vurğulayır. Bu iş əvvəldən dövrün şəraiti və iddialar haqqında suallar doğurdu.
Mövcud hakimiyyətə müxalif olan şəxslərə qarşı seçmə təhqiqat və təqiblərin keçirilməsinin narahatedici təcrübəsi polisə, prokurorluğa, məhkəmələrə və hökumətin özünə olan ictimai inamı sarsıdır. Xüsusilə Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dərinləşdirmək üçün misli görünməmiş fürsətə malik olduğu bir vaxtda cinayət təqibinin siyasiləşdirilmiş qavrayışı belə zərərlidir.
Birləşmiş Ştatların qəti mövqeyi ondan ibarətdir ki, sağlam demokratiya məhkəmə müstəqilliyinin təmin edilməsindən və media azadlığının qorunmasından asılıdır. Buna görə də biz daim hökuməti bu fundamental demokratik prinsipləri qorumaq üçün əsaslı islahatlar həyata keçirməyə çağırırıq”, – ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.