ABŞ səfirinin vəzifəsinin icraçısı Kortni Ostrian Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin Poti bazasında olub
ABŞ səfirinin vəzifəsinin icraçısı Kortni Ostrian nümayəndə heyəti ilə birlikdə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinə gedib. Qonaqlara Poti bazasında Sərhəd Polisinin rəisinin birinci müavini Levan Xarabadze ev sahibliyi edib.
Sərhəd Polisinin məlumatına əsasən, görüş zamanı departamentin nümayəndələri qonaqlara Sahil Mühafizəsinin əsas tapşırıqları və imkanları barədə məlumat veriblər. Səfir vəzifəsinin icraçısı həmçinin Sahil Mühafizəsinin gözətçi gəmilərindən birinə, eləcə də mühəndis-təmir infrastrukturuna baxış keçirib.
Kortni Ostrian nümayəndə heyəti ilə birlikdə Supsada yerləşən Dəniz Əməliyyatlarının Birgə İdarəedilməsi Mərkəzində (JMOC) də olub, mərkəzin rəhbəri qonaqlara qurumun fəaliyyəti, əldə olunmuş nəticələr və gələcək planlarla bağlı təqdimat edib.