ABŞ səfirinin işlər vəkili Emi Diaz Luqar Mərkəzinə baş çəkib

17:11, 03.09.2026

ABŞ səfirinin işlər vəkili Emi Diaz Luqar Mərkəzinə baş çəkib
ABŞ səfirinin işlər vəkili Emi Diaz ötən həftə Luqar Mərkəzinə baş çəkib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, səfər çərçivəsində Emi Diaz Luqar Mərkəzinin, Valter Rid adına Ordu Tədqiqat İnstitutunun (WRAIR) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) əməkdaşları ilə görüşüb.

“ABŞ səfirinin işlər vəkili Emi Diaz ötən həftə ictimai səhiyyə sahəsində ABŞ-Gürcüstan əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan Luqar Mərkəzinə baş çəkib.

ABŞ-ın dəstəyi ilə inşa və təchiz olunan Luqar Mərkəzi Birləşmiş Ştatların Gürcüstanla tərəfdaşlıq çərçivəsində yaratdığı və 2015-ci ildə tamamilə Gürcüstan hökumətinə təhvil verdiyi 20 bioloji laboratoriyadan ibarət şəbəkənin bir hissəsidir. Hazırda mərkəz Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və yoluxucu xəstəliklərin aşkarlanması və monitorinqində mühüm rol oynayır. Həmçinin gürcü tələbə və alimlərin peşəkar inkişafına töhfə verir.

Səfər çərçivəsində Emi Diaz Luqar Mərkəzinin, Valter Rid adına Ordu Tədqiqat İnstitutunun (WRAIR) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) əməkdaşları ilə görüşərək onların Gürcüstanda ictimai səhiyyənin qorunması istiqamətindəki mühüm fəaliyyəti ilə tanış olub.

Səfər zamanı həm Gürcüstanda, həm də regionda yoluxucu xəstəliklərin monitorinqinə xüsusi diqqət yetirilib. Onların fəaliyyəti təhlükələrin vaxtında aşkarlanmasına və ABŞ hökumətinin, eləcə də Gürcüstan Müdafiə Qüvvələri və Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzi də daxil olmaqla tərəfdaşlarının məlumatlandırılmasına kömək edir. Bu isə hər birimizin təhlükəsizliyinin qorunmasına xidmət edir”, – deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Oxşar