ABŞ Qəzza sektorunda atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub
Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal, qeyd-şərtsiz və daimi atəşkəs və İsraildən Fələstin anklavına yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasını tələb edən qətnamə layihəsinə veto qoyub.
15 üzvdən ibarət şuranın seçilmiş on üzvü tərəfindən hazırlanan mətn həmçinin “HƏMAS” qruplaşmasından tutulan bütün israilli girovların dərhal, ləyaqətli və qeyd-şərtsiz azad edilməsini tələb edirdi.
Qətnamə layihəsini 14 üzv dəstəkləyib.
ABŞ altıncı dəfədir İsrail və Fələstinə dair qətnamə layihəsinə veto qoyur.
Qəzza sektorunda müharibə 2023-cü ilin oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücum etməsi, 1200 nəfəri qətlə yetirməsi və təxminən 251 nəfəri isə girov götürməsindən sonra başlayıb. Yerli səhiyyə orqanlarının məlumatına əsasən, Qəzzada müharibədə əksəriyyəti mülki şəxslər olmaqla azı 64 000-dən çox insan həyatını itirib.