ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul Minskdə Aleksandr Lukaşenko ilə görüşüb
ABŞ Prezidentinin Belarus məsələləri üzrə xüsusi nümayəndəsi Con Koul Minskə səfər edib və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Lukaşenko görüş zamanı bildirib ki, Belarus Birləşmiş Ştatlarla istənilən məsələni müzakirə etməyə açıqdır, lakin əldə olunan razılaşmalara dəqiqliklə riayət edilməlidir.
“Əlbəttə” – Con Koul cavab verib.
Aleksandr Lukaşenko həmçinin tərəflərin iqtisadi münasibətlərlə bağlı artıq bir çox razılaşmalara nail olduqlarını qeyd edib.
“Məhz buna görə də baş naziri dəvət etdim ki, o, sizi və buradakı hər kəsi razılaşmalarımızın icrası ilə bağlı məlumatlandırsın” – Belarus Prezidenti qeyd edib.
Lukaşenko Koula Belarus cəmiyyətinin onun səfərlərini böyük maraqla izlədiyini bildirib.
“Qonşularımız və digər dövlət liderləri görüşümüzü diqqətlə izləyirlər” – Aleksandr Lukaşenko bəyan edib.
Öz növbəsində, Con Koul Lukaşenkoya ABŞ Prezidenti Donald Trampın salamını çatdırıb.
“O, bizim bütün fəaliyyətlərimizi tam şəkildə dəstəkləyir” – o, deyib.