ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün 58,6 milyard dollar dəyərində müqavilə imzalayıb

12:17, 30.07.2026

ABŞ Ordusu “Lockheed Martin” şirkəti ilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair 58,6 milyard ABŞ dolları dəyərində müqavilə imzaladığını açıqlayıb.

“Reuters”in məlumatına görə, ABŞ Ordusunun nümayəndələri bildiriblər ki, bu müqavilə aprel ayında imzalanmış 4,7 milyard dollarlıq birillik razılaşmanı yeddiillik layihəyə çevirir və 2026–2032-ci maliyyə illəri üçün raketlərin çoxillik satınalma proqramını formalaşdırır.

Məlumata əsasən, Pentaqon müdafiə sənayesi şirkətlərindən istehsalın əhəmiyyətli dərəcədə sürətləndirilməsini tələb edir.

“Reuters” yazır ki, Donald Tramp administrasiyası da müdafiə sahəsində fəaliyyət göstərən podratçı şirkətlərə istehsala üstünlük vermələri üçün təzyiqi artırır.

“Lockheed Martin” şirkətindən bildirilib ki, ayrılan maliyyə 2030-cu ilin sonunadək PAC-3 MSE raketlərinin istehsalını üç dəfə artırmaqla bağlı öhdəliyin yerinə yetirilməsinə, həmçinin Arkanzas ştatının Kamden şəhərində yerləşən zavodda iş yerlərinin sayının 50 faiz artırılmasına imkan verəcək.

Oxşar