ABŞ öz vətəndaşlarını İran ərazisini dərhal quru yoluyla tərk etməyə çağırır
ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İran ərazisini dərhal quru yoluyla, Ermənistan və Türkiyə üzərindən tərk etməyə, ölkədən çıxa bilməyən şəxsləri isə təhlükəsiz yerlərə sığınmağa və ərzaq, su, dərmanlar və digər zəruri ləvazimatları yığmağa çağırır.
Bəyanatda qeyd olunub ki, İranda etiraz aksiyaları şiddətlənir və zorakılığa çevrilə bilər, bu da həbslərə və yaralanmalara səbəb ola bilər.
“Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yolların bağlanması, ictimai nəqliyyatın hərəkətində fasilələr və internetin bloklanması davam edir. Aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırır və ya ləğv edirlər, onlardan bir neçəsi isə yanvarın 16-na qədər xidmətlərini dayandırıb. ABŞ vətəndaşları internet kəsintilərinin davam edəcəyini gözləməli, alternativ rabitə vasitələri planlaşdırmalı və təhlükəsiz olduğu təqdirdə İrandan quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi düşünməlidirlər. ABŞ-İran ikili vətəndaşlığı olan şəxslər İran pasportları ilə İrandan çıxmalıdırlar. İran hökuməti ikili vətəndaşlığı tanımır və ABŞ-İran ikili vətəndaşlığı olan şəxsləri yalnız İran vətəndaşları hesab edir” – bəyanatda qeyd olunub.