ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində milli kəşfiyyatın direktorunu və Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktorunu dinləyiblər
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ABŞ-nin milli kəşfiyyatının direktoru Tulsi Qabard və Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Con Retklifi dinləyiblər.
Komitənin yüksək səviyyəli demokrat nümayəndəsi Cim Hains administrasiyanı tənqid edib. O bildirib ki, “The Atlantic” jurnalının redaktoru əvəzinə, çata çinli və ya rus kəşfiyyat zabiti əlavə edilə bilərdi və “Husi”lərə yaxınlaşan hücum barədə xəbərdarlıq edə bilərdilər, onlar hava hücumlarından müdafiə sistemlərini yerləşdirmək üçün vaxt qazana bilərdilər və amerikalı pilotları öldürmək imkanı əldə edə bilərdilər.
“Burada hamı bilir ki, bu məlumatı ruslar və ya çinlilər ala bilərdilər”- Hains bildirib.
Buna cavab olaraq ABŞ milli kəşfiyyatının direktoru Tulsi Qabard prezident Donald Trampın çatda heç vaxt məxfi məlumatın paylaşılmadığı və hücumun planlaşdırıldığı kimi, gözlənilən nəticələrlə həyata keçirildiyi barədə bəyanatını təkrarlayıb. O, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü və hazırda tam istintaq aparıldığını bildirib.
“Prezident və Mayk Uolts dünən aydın mesajla mətbuat konfransı keçirdilər. “Husi”lərə qarşı gözlənilən zərbələri və nəticələri müzakirə etdikləri çata jurnalistin istəmədən əlavə edilməsi səhv idi. Milli təhlükəsizlik məsələləri üzrə müşavir bütün məsuliyyəti öz üzərinə götürüb” – Tulsi Qabard bildirib.
Bununla yanaşı, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Con Retklif yayılan məlumatın “yanıltıcı” olduğunu qeyd edib.
“Baş verənlərə diqqət yetirmək əvəzinə, nəyin deyildiyi və nəyin baş verə biləcəyi haqqında çox danışılır. Mənim məsuliyyətim terrorçuları öldürməkdir və mənim etdiyim budur” – Retklif qeyd edib.