ABŞ-nin federal hakimi Donald Trampa “BBC”yə qarşı dekabrın 11-dək ifadə verməyi tapşırıb

22:32, 22.10.2026

 

ABŞ-nin federal hakimi Donald Trampa Britaniya İctimai Yayımçısına (“BBC”) qarşı dekabrın 11-dək ifadə verməyi tapşırıb.

Məsələ ABŞ Prezidentinin böhtan ittihamı ilə qaldırdığı iddia ilə bağlıdır, o şirkətdən təzminat olaraq 10 milyard ABŞ dolları tələb edir.

Medianın məlumatında, ABŞ-nin magistrat hakimi Enjolik Letin məhkəmə iclasında elan etdiyi qərarla Trampa “BBC”nin vəkillərinin suallarını cavablandırmağı tapşırdığı deyilir.

Məlumat üçün bildirək ki, 2025-ci ilin noyabrın 10-da ABŞ Prezidenti Donald Tramp yanıldıcı formada işıqlandırılan süjetə görə “BBC”ni 10 milyard dollar məbləğində iddia qaldıracağı ilə hədələmişdi. Hədə “Panorama” televiziya proqramının sənədli epizodlarından birində 2021-ci ilin yanvarın 6-da Trampın etdiyi çıxışın “BBC” tərəfindən yanıldıcı formada təqdim olunması ilə bağlı idi.

Britaniyanın “Telegraph” qəzeti tərəfindən əldə edilən “BBC”nin daxili sənədinə əsasən, sənədli film Trampın çıxışının iki müxtəlif hissəsini bir-birinə calayıb və elə təqdim edib ki, sanki Donald Tramp etirazçıları Kapitolidə iğtişaşlar törətməyə açıq şəkildə çağırıb.

Sonradan “BBC” üzr istəyərək bəyan edib ki, veriliş “Prezident Trampın birbaşa zorakı hərəkətlərə çağırış etdiyi barədə yanlış təəssürat yaradıb”.

Oxşar