ABŞ-nin dəstəyi ilə Racada “Mamisoni” sərhəd sektorunun yeni binası açılıb
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Sərhəd Polisinin Quru Sərhədinin Mühafizəsi Departamentinin Cava-Oni idarəsinin “Mamisoni” sərhəd sektorunun yeni binasını açıb.
Daxili İşlər Nazirliyinin məlumatında, tədbirdə həmçinin Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirinin vəzifələrini icra edən Kortni Ostrianın da iştirak etdiyi deyilir.
Sərhəd sektorunun yeni binasının tikintisi layihəsi Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı (EUCOM), Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinin Narkotiklərə Qarşı Mübarizə Administrasiyası (DEA) və Regional Təhlükəsizlik Ofisinin (RSO) dəstəyi ilə həyata keçirilib.
Dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən sərhəd sektoru müasir inventar və ən son texnika ilə təchiz edilib. Binanın infrastrukturu yerli mürəkkəb iqlim şəraiti nəzərə alınaraq qurulub, bu da sərhədçilərə xidməti vəzifələrini səmərəli yerinə yetirmək və gündəlik fəaliyyətləri üçün lazımi şərait yaradır.
Daxili işlər naziri sərhədçilərə göstərdikləri xidmətə görə təşəkkür edib və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, Sulxan Tamazaşvili layihəyə göstərilən dəstəyə görə Amerika tərəfinə minnətdarlığını bildirib.
Tədbirdə həmçinin daxili işlər nazirinin müavini Qaqa Kirkitadze, Sərhəd Polisinin rəisi Davit Tamazaşvili və Daxili İşlər Nazirliyinin digər rəhbər şəxsləri iştirak edirdilər.