ABŞ narkotiklərlə əlaqəli venesuelalı təşkilatı "Cartel de los Soles"i xarici terrorçu təşkilat kimi elan edəcək
ABŞ narkotiklərlə əlaqəli venesuelalı təşkilatı "Cartel de los Soles"i xarici terrorçu təşkilat kimi elan edəcək

 

ABŞ narkotiklərlə əlaqəli venesuelalı təşkilatı “Cartel de los Soles”i (“Günəşlər Karteli”) xarici terrorçu təşkilat kimi elan edəcək. Media, Dövlət Departamentinin təşkilatı noyabrın 24-dən terrorçu qruplar siyahısına salacağı haqda məlumat verir.

ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, kartelə Nikolas Maduro və onun qanunsuz rejiminin “hərbçiləri, kəşfiyyatı, qanunverici və məhkəmə orqanlarını satın alan” digər yüksək vəzifəli şəxsləri rəhbərlik edirlər.

Vaşinqton karteli zorakılıqda, ABŞ və Avropada narkotiklərin qanunsuz ticarətində ittiham edir. Dövlət katibinin bəyanatına əsasən, ABŞ milli təhlükəsizlik maraqlarını qorumaq və narkoterrorçuların resursları və maliyyələşməsinin qarşısını almaq üçün bütün vasitələrdən yenə də istifadə edəcək.

“Dövlət Departamenti “Cartel de los Soles”i xarici terrorçu təşkilat kimi elan etməyi planlaşdırır. Qeyri-legitim prezident Nikolas Maduronun rəhbərliyi ilə qrup Venesuelada hökumət qurumlarını korrupsiyalaşdırıb və digər xarici terrorçu təşkilatlar tərəfindən və onlarla birlikdə törədilən terror zorakılığına, eləcə də Amerika Birləşmiş Ştatları və Avropada narkotiklərin ticarətinə görə məsuliyyət daşıyır” – Rubio sosial şəbəkədə yazır.