ABŞ Konqresinin Nümayəndələr Palatası “Dost Aktı”nı dəstəklədi.
Qanun layihəsini 349 konqresmen dəstəklədi, onlardan 168-i respublikaçı, 181-i isə demokrat idi. 42 konqresmen əleyhinə səs verdi, 42-si isə səsvermədə iştirak etmədi.
“Dost Aktı” kimi tanınan qanun layihəsinin tam adı “Gürcüstanın hesabatlılıq, dayanıqlılıq və müstəqillik imkanlarının gücləndirilməsi və səfərbərliyi Aktı”dır. Həmçinin onun rəsmi adı “Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının təsirinə qarşı Gürcüstanda mübarizə aparılması Aktı”dır.
“Dost Aktı” Gürcüstanın yüksək vəzifəli şəxslərinə sanksiyalar və viza məhdudiyyətləri nəzərdə tutur. Xüsusilə aşağıdakı müddəaları əhatə edir:
ABŞ-Gürcüstan münasibətlərinin, o cümlədən bütün yardım proqramlarının tam şəkildə yenidən nəzərdən keçirilməsi;
Gürcü xalqının ölkənin konstitusiyası ilə təsbit olunmuş Avro-Atlantik inteqrasiya prosesinə sədaqətinə dəstəyin tanınması;
ABŞ prezidentindən “Gürcü Arzusu”nun vəzifəli şəxsləri və onları dəstəkləyən, Gürcüstanın Avro-Atlantik inteqrasiyası yolundan sapması məqsədilə korrupsiyaya bulaşmış şəxslərə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə zərbə vuranlara və ya ölkənin sabitliyinə zərər verən digər korrupsiya əməllərində iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi;
Gürcüstan konstitusiya tələbləri əsasında fəaliyyət göstərməyə davam etdiyi halda, xalqlar arasında əlaqələrin və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi;
Rusiyanın qanunsuz işğalı şəraitində Gürcüstanın tam suverenliyi və ərazi bütövlüyünə dəstəyin ifadə olunması;
“Gürcü Arzusu” hökumətinin hakimiyyətdən sui-istifadəsinə qarşı Gürcü xalqını və Gürcüstan Konstitusiyasını qoruyan vətəndaş cəmiyyətinə dəstək verilməsi.
“Dost Aktı”nın müzakirəsində çıxış edənlər: Florida ştatından respublikaçı konqresmen Brayan Mast, Merilend ştatından demokrat konqresmen Conni Oşeski, Tennesi ştatından demokrat konqresmen Stiv Koyen, Cənubi Karolina ştatından respublikaçı konqresmen Co Uilson və Ohayo ştatından respublikaçı konqresmen Uorren Devidson olublar.
Bundan əvvəl, bu ilin 27 mart tarixində sənədi Senatın Xarici Əlaqələr Komitəsi dəstəkləmişdi. Akt keçən il konqresmen Co Uilson tərəfindən təqdim olunmuşdu, bu il isə 119-cu çağırış Konqresdə konqresmen Stiv Koyen, konqresmen Riçard Hadson və konqresmen Mark Vizi ilə birlikdə yenidən təqdim olunub.
Nümayəndələr Palatasından sonra qanun layihəsi Senatda müzakirəyə çıxarılmalı və səsverməyə qoyulmalıdır. Hər iki palatada dəstəkləndiyi halda isə imzalanması üçün ABŞ prezidentinə göndəriləcək.