ABŞ Konqresinin Hüquq Komitəsi - Avropalı rəsmi şəxslərin anonimlik hüququ olmamalıdır
Avropalı rəsmi şəxslərin anonimlik hüququ olmamalıdır – bu haqda ABŞ Konqresinin Hüquq Komitəsinin mətbuat katibi Nacey Fons bildirib.
“Politico”nun xəbər verdiyi kimi, Nacey Fons bu bəyanatı Hüquq Komitəsi tərəfindən hazırlanmış hesabatla bağlı Brüsselin tənqidinə cavab olaraq verib.
Məsələ Konqresin Hüquq Məsələləri Komitəsi tərəfindən fevral ayında dərc edilmiş hesabatla bağlıdır. Hesabatda Avropa Komissiyası ABŞ seçkilərinə müdaxilə etməkdə, Avropa İttifaqı və ABŞ vətəndaşlarının söz azadlığını məhdudlaşdırmaqda və Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı”ndan istifadə etməklə həyata keçirilən senzurada ittiham olunur.
Hesabatda rəsmi şəxslər, vətəndaş cəmiyyəti və sənaye əməkdaşları arasında ünsiyyət yer alır. Onların arasında Avropa Komissiyasının təxminən 20 əməkdaşının adı və onların elektron poçt ünvanlarını müəyyən etməyə imkan verən məlumatlar yer alıb.
Bununla yanaşı, böyük texnologiya şirkətlərinin əməkdaşlarının kimliyi gizli saxlanılıb. Brüssel bu addımı Avropa İttifaqının rəqəmsal qaydalarını tətbiq etmək üçün çalışan Avropa Komissiyasının əməkdaşlarını qorxutmaq cəhdi olaraq qiymətləndirib.
Buna cavab olaraq, ABŞ Konqresinin Hüquq Məsələləri Komitəsində bəyan ediblər ki, Avropa Komissiyasının əməkdaşları Avropada və ondan kənarda internet istifadəçilərinin anonimlik hüquqlarını qəsb edən siyasət yürüdərkən anonimlik tələb edirlər.
“ABŞ, Avropa İttifaqı və digər yerlərdə hökumətin rəsmi şəxsləri ictimaiyyətə xidmət edir və onlara hesabat verməlidirlər” – ABŞ Konqresinin Hüquq Məsələləri Komitəsində bəyan ediblər.
Məlumat üçün bildirək ki, Avropa Komissiyası 2023-cü ildə aşağı səviyyəli rəsmi şəxslərin adlarını dərc etməyi dayandırıb. Avropa Komissiyasında bəyan edildiyi kimi, bu addım həssas məsələlər üzərində işləyən şəxslərə təzyiqin və siyasi qərar qəbuletmə prosesinə yersiz təsirin qarşısını almağa yönəlib.