ABŞ Konqresinin Büdcə Ofisinin məlumatına əsasən, "şatdaun"a görə 750 000 federal əməkdaş məzuniyyətə getmək və ya maaşsız işləmək məcburiyyətində qalacaq
750 000 federal əməkdaş məzuniyyətə getmək və ya maaşsız işləmək məcburiyyətində qalacaq. Bu barədə Konqresin Büdcə Ofisi tərəfindən yayılmış bəyanatda deyilir.
Bununla yanaşı, xarici media ABŞ hökumətinin fəaliyyətinin müvəqqəti dayandırılmasının yüz minlərlə insana təsir edəcəyini yazır.
“BBC”nin məlumatına əsasən, hərbi müəssisələr, immiqrasiya xidməti və hava hərəkəti dispetçerləri kimi xidmətlər işləməyə davam edəcəklər, lakin digər xidmətlər ola bilsin dayandırılsın və ya gecikmələrlə işləmək məcburiyyətində qalsın.
Sosial səhiyyə proqramlarının fəaliyyətinə gəlincə, “BBC” yazır ki, proqramların fəaliyyəti davam edəcək, lakin kadr çatışmazlığı səbəbindən ola bilsin xidmətlərdə müəyyən fasilələrə səbəb olsun.
“BBC”nin məlumatına əsasən, hava limanları, o cümlədən hava hərəkəti dispetçerləri fəaliyyətini davam etdirməsinə baxmayaraq, orada işlə təmin olunan insanlara maaş verilməyəcək, buna görə də kadr problemi yarana bilər. Bu o deməkdir ki, uçuşların təxirə salınması və ləğvi halları tez-tez baş verəcək.
Ötən illərdə hökumətin fəaliyyətinin dayandırılması həmçinin ölkənin milli parklarına təsir göstərib, lakin məlum olduğu kimi, bu halda milli parklar qismən açıq olacaq. “BBC” yazır ki, hökumətin fəaliyyətinin müvəqqəti dayandırılmasının nə qədər davam edəcəyi və ABŞ büdcəsinə nə qədər ziyan dəyəcəyi məlum deyil, lakin 2018-ci ildə ən uzun, 35 günlük “şatdaun” Amerikaya 3 milyard dollara başa gəlmişdi.