ABŞ Konqresinin aşağı palatası uşaqlar üçün cinsiyyət dəyişdirmə prosedurunun kriminallaşdırılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib
ABŞ Konqresinin aşağı palatası ölkə üzrə yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə prosedurunun kriminallaşdırılmasını nəzərdə tutan qanun layihəsinə dəstək verib.
Bu təşəbbüsü 216 konqresmen dəstəkləyib, onlardan üçü demokrat qanunverici olub.
Təşəbbüs respublikaçı qanunverici Marcorie Teylor Grin tərəfindən irəli sürülüb.
Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə prosedurunun aparılması cinayət əməli hesab olunacaq və on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bununla yanaşı, yetkinlik yaşına çatmayanın cinsiyyət dəyişdirmə prosedurlarına çıxışına kömək edən valideynlər və ya digər şəxslər də cəzalandırılacaq.
Qeyd edək ki, hazırda ABŞ ştatlarının əksəriyyətində qüvvədə olan qanunvericilik yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə prosedurlarının aparılmasını qadağan edir.