ABŞ kiberdələduzluq və intim xarakterli materiallardan istifadə etməklə şantaj hallarında iştirak edən şəxslərə şamil olunacaq yeni qlobal viza məhdudiyyətləri siyasətini tətbiq etməyə başlayıb

22:54, 23.07.2026

ABŞ kiberdələduzluq və intim məzmunlu materiallardan istifadə etməklə şantajda iştirak edən şəxslərə qarşı yeni qlobal viza məhdudiyyətləri siyasətini tətbiq etməyə başlayıb. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanıb.
Dövlət katibi Marko Rubio açıqlamasında bildirib ki, bu siyasət kibercinayətlərdə və kiberməkandan istifadə etməklə törədilən cinayətlərdə iştirak edən və ya bu əməllərə yardım edən şəxslərin məsuliyyətə cəlb olunmasına yönəlib.

Açıqlamada qeyd olunur ki, bu cür sxemlər çox vaxt Çində fəaliyyət göstərən transmilli cinayətkar təşkilatlarla əlaqəlidir. Bildirilir ki, həmin fəaliyyət nəticəsində yalnız 2024-cü ildə ABŞ vətəndaşları ən azı 10 milyard dollar itkiyə məruz qalıb.

Medianın məlumatına görə, bu cinayət sxemləri korrupsiyaya, çirkli pulların yuyulmasına və insan alverinə şərait yaradır. Sənəddə qeyd edilir ki, xaricdən fəaliyyət göstərən cinayətkarlar intim məzmunlu materiallarla şantaj sxemlərində amerikalı uşaqları da hədəf alıblar.

Marko Rubionun sözlərinə görə, “İmmiqrasiya və vətəndaşlıq haqqında” qanun əsasında tətbiq edilən məhdudiyyətlər bu qanunsuz fəaliyyətlərdə iştirak edən şəxslərin yaxın ailə üzvlərinə də şamil olunacaq.

Oxşar