ABŞ İranın “kölgə donanması”na yeni sanksiyalar tətbiq edib
ABŞ İranın “kölgə donanması”na yeni sanksiyalar tətbiq edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatında, Tramp administrasiyasının şəxslərə, şəbəkələrə və İran xam neftinin, neft məhsullarının və kimyəvi maddələrin daşınmasında iştirak edən 17 gəmiyə sanksiyalar tətbiq etdiyi deyilir.
“Reuters” yazır ki, sanksiyalar Tehranın iqtisadiyyatını zəiflətmək və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) maliyyələşdirmə mənbələrini azaltmaq məqsədi daşıyan “İqtisadi Təzyiq Əməliyyatı”nın bir hissəsidir.
“Bugünkü addım İranın qalan qanunsuz dəniz infrastrukturuna ən əhəmiyyətli zərbəni vurur, çünki bu, kölgə donanmasının böyük əksəriyyətini sıradan çıxarır. ABŞ Maliyyə Nazirliyi rejimin qanunsuz gəlirlərinin son əsas mənbəyini kəsir və Tehranın məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq təzyiqi gücləndirir” – Maliyyə Nazirliyinin nümayəndəsi nəşrə açıqlayıb.
Məlumat üçün bildirək ki, Tehran və Vaşinqton arasında anlaşma memorandumunun baş tutmamasından sonra ABŞ iyulun 14-də İran limanlarına blokadanı yenidən tətbiq edib.