ABŞ İran ərazisinə növbəti hava zərbələri endirib

10:15, 09.07.2026

ABŞ İran ərazisinə növbəti hava zərbələri endirib. Bu barədə CNN ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilir ki, zərbələr ABŞ Prezidenti tərəfindən verilən göstəriş əsasında həyata keçirilib. Əməliyyatın məqsədi İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanlarını daha da məhdudlaşdırmaqdır.

“Ali Baş Komandanın göstərişi ilə ABŞ Mərkəzi Komandanlığının qüvvələri İranın Hörmüz boğazında naviqasiya azadlığına təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə əlavə zərbələr endirməyə başlayıb. ABŞ İranı bu mühüm beynəlxalq dəniz marşrutu ilə sərbəst hərəkət edən kommersiya gəmilərinə və onların mülki heyətlərinə qarşı son dövrlərdə törədilmiş əsassız hücumlara görə məsuliyyət daşıyan tərəf hesab edir”, – deyə bəyanatda qeyd olunub.

Eyni zamanda, İranın dövlət mediasının məlumatına görə, ABŞ-ın növbəti hava zərbələri barədə açıqlamasından sonra ölkənin cənub-şərqində yerləşən Çabahar liman şəhərində elektrik enerjisinin verilişi qismən dayandırılıb.

CNN-in məlumatına əsasən, Çabahar və yaxınlıqdakı Konarak sahil şəhərində təxminən on partlayış səsi eşidilib.

Oxşar