ABŞ İran əleyhinə sanksiyalar siyahısına 35 hüquqi şəxsi və bir Misir vətəndaşını əlavə edib
ABŞ İran əleyhinə sanksiyalar siyahısına 35 hüquqi şəxsi və Misir vətəndaşı olan bir şəxsi daxil edib.
Müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.
Məhdudiyyətlər 35 aviaşirkətə və hava yükdaşımaları sahəsində fəaliyyət göstərən digər şirkətlərə qarşı tətbiq edilib. Söhbət İran, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Malayziya, Türkiyə və Qazaxıstanda qeydiyyatdan keçmiş şirkətlərdən gedir.
ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, sanksiyaların məqsədi İranın aviasiya sektoruna təzyiqi artırmaqdır. Vaşinqtonun iddiasına görə, bu sektor İran Silahlı Qüvvələrinin maraqları naminə „silahların, hərbi qulluqçuların və qanunsuz yüklərin daşınmasına“ yardım edir.
ABŞ Maliyyə Nazirliyi, həmçinin, sanksiyalar siyahısına daxil edilmiş fiziki və hüquqi şəxslərlə bağlı maliyyə əməliyyatlarının tamamlanması üçün zəruri olan tranzaksiyalara sentyabrın 23-dək icazə verən ümumi lisenziya dərc edib.
Bununla yanaşı, ABŞ hakimiyyəti İranda Amerika istehsalı olan təyyarələrin müvəqqəti qalmasına, eləcə də onların İslam Respublikasında təmiri üçün zəruri ehtiyat hissələri və texnologiyaların ölkəyə gətirilməsinə imkan verən lisenziyanı ləğv edib.
Qeyd edək ki, avqustun 24-də ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İrana qarşı birtərəfli sanksiyalar rejimini kəskin şəkildə sərtləşdirəcək və Tehranın gəlir mənbələrini tamamilə bloklamağı hədəfləyir.
Nazir, həmçinin, bəyan edib ki, ABŞ İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin icrasından imtina edən istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırdır.