ABŞ-ın Milli Elmlər Akademiyasının jurnalında ‘Cənubi Qafqaz, Gürcüstan: Neolit dövründə çörək buğdasının yaranmasının müstəqil mərkəzi’ adlı məqalə dərc olunub
ABŞ-ın Milli Elmlər Akademiyasının jurnalında ‘Cənubi Qafqaz, Gürcüstan: Neolit dövründə çörək buğdasının yaranmasının müstəqil mərkəzi’ adlı məqalə dərc olunub

ABŞ-ın Milli Elmlər Akademiyasının jurnalında (PNAS) “Cənubi Qafqaz, Gürcüstan: Neolit dövründə çörək buğdasının yaranmasının müstəqil mərkəzi” adlı məqalə dərc olunub. Məqalədə Gürcüstanın çörək buğdasının (Triticum aestivum) yaranmasının müstəqil və bu günə qədər sənədlərlə təsdiqlənmiş ən qədim mərkəzi olduğu vurğulanır. Bu barədə məlumatı Gürcüstan Mədəniyyət Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, məqalə akademik Davit Lortkipanidzenin rəhbərliyi altında aparılmış beynəlxalq multidissiplinar tədqiqatlara əsaslanır. Tədqiqat Gürcüstanın Çercveni və Şulaveri hövzələrində tapılan 8 min illik arxeoloji materiallara və paleobotanik, professor Nana Rusişvilinin uzun illər aparılmış elmi araşdırmalarına istinad edir.

Mədəniyyət Nazirliyinin açıqlamasına görə, İsrailin Vaysman İnstitutunda radio-karbon üsulu ilə aparılmış tarixləmə nəticəsində Gürcüstanın neolit yaşayış yerlərində tapılmış materiallar çörək buğdasının mövcudluğuna dair dünyanın indiyə qədər məlum olan ən qədim fiziki sübutları hesab edilir.

Tədqiqatın müəllifləri arasında yerli və xarici alimlər – Mindia Calabadze, Inqa Martqopulişvili, Marine Mosulişvili, Nana Meladze, Davit Maqradze, Elizabeta Boareto və Steven Batuk yer alır.

Mədəniyyət Nazirliyi bildirir ki, bu beynəlxalq multidissiplinar tədqiqat Gürcüstan Mədəniyyət Nazirliyi və Milli Şərab Agentliyinin “Şərab və Üzüm Araşdırmaları və Populyarlaşdırılması” layihəsi çərçivəsində, Toronto Universiteti, Vaysman İnstitutu və “İveria Cəmiyyəti”nin dəstəyi ilə həyata keçirilib.

Əlavə olaraq, Mədəniyyət Nazirliyi çörək buğdasının Gürcüstan ərazisində yaranmasının ən qədim mərkəzini təsdiqləyən yeni elmi tədqiqat nəticələrinin təqdimatının 1 may, saat 14:00-da Milli Muzeydə keçiriləcəyini bildirir.