ABŞ-ın baş prokuroru – Vətəndaş iğtişaşları zamanı Los-Anceles polisinə qarşı hörmətsizlik edən şəxslərə qarşı cinayət təqibinə başlayacağıq
ABŞ-ın baş prokuroru Pem Bondi bildirib ki, Los-Ancelesdə baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarına hücumla bağlı doqquz cinayət işi qaldırılıb. Bu barədə Bondi “Fox News” telekanalında açıqlama verib.
Onun sözlərinə görə, bu şəxsləri beş ilədək həbs cəzası gözləyir.
“Əgər Kaliforniya hakimiyyəti onları (polisləri) qorumayacaqsa, biz qoruyacağıq və vətəndaş iğtişaşları zamanı Los-Anceles Polis İdarəsinə qarşı hörmətsizlik edən şəxslərə qarşı cinayət təqibinə başlayacağıq. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənləri cinayət məsuliyyətinə cəlb edə bilərik. Bu, beş ilədək həbs cəzası nəzərdə tutur və biz bunu edəcəyik. Onlara qarşı federal səviyyədə cinayət işi açacağıq. Əgər Kaliforniya öz hüquq-mühafizəçilərini qorumursa, biz onları qoruyacağıq. Hazırda hücum maddəsi ilə doqquz cinayət işi qaldırılıb və bu say artacaq”, – deyə Pem Bondi bildirib.
ABŞ baş prokurorunun sözlərinə görə, talançılıqda iştirak edən şəxslər də cinayət məsuliyyətinə cəlb olunacaqlar.
“Əgər Kaliforniyada bir iş yerini qarət edirsənsə, 20 ilədək həbs cəzası gözləyə bilərsən. Hüquq-mühafizə orqanı əməkdaşına tüpürmək dövrü bitdi. Prezident Trampın da dediyi kimi – tüpürsən, biz vuracağıq. Hazır olun. Əgər hüquq-mühafizəçiyə tüpürürsənsə, səni cinayət məsuliyyətinə cəlb edəcəyik. Federal qanunvericiliyə əsasən, bu, beş ilədək həbs cəzası ilə nəticələnə bilər”, – deyə Bondi qeyd edib.