ABŞ, Ermənistan və Azərbaycan “Tramp marşrutu” ilə əlaqədar texniki işlərə başlayıblar
ABŞ, Ermənistan və Azərbaycan “Tramp marşrutu” ilə əlaqədar texniki işlərə başlayıblar.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq sülh və rifah üçün Tramp nəqliyyat marşrutu” layihəsini irəli aparmaq məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.
Bəyanata əsasən, bu multimodal tranzit marşrutu üç ölkə hökumətinin nümayəndələrinin və texniki ekspertlərinin birgə işinin mövzusu olacaq. Təşəbbüsün məqsədi uzunmüddətli sabitliyi, iqtisadi inkişafı, regional əlaqə və kommersiya rifahını dəstəkləməkdir. Layihə həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci ilin avqustun 8-də əldə olunmuş Sülh Sammiti Bəyannaməsinin müddəalarını möhkəmləndirməyi hədəfləyir.
“Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini nəzərdən keçirəcək ilk iki üçtərəfli planlaşdırma qrupunu yaratmaq barədə razılığa gəliblər. Onların işi mürəkkəb texniki məsələlərin həlli və layihənin icrasının növbəti mərhələlərinə, o cümlədən onun digər regional infrastrukturla əlaqələndirilməsi istiqamətinə keçid üçün mühüm addım olacaq. İştirakçılar “Tramp marşrutu” layihəsi ilə nəzərdə tutulmuş bütün mexanizmlərin dərhal işə salınmasına sadiqliklərini bir daha təsdiqləyiblər” – bəyanatda deyilir.