ABŞ, ən böyük səhmi Rusiyanın “Gazprom”una məxsus olan serb neft şirkəti "NIS"ə qarşı sanksiyalar tətbiq edib
ABŞ, ən böyük səhmi Rusiyanın “Gazprom”una məxsus olan serb neft şirkəti "NIS"ə qarşı sanksiyalar tətbiq edib

 

ABŞ, ən böyük səhmi Rusiyanın “Gazprom”una məxsus olan serb neft şirkəti “NIS”ə qarşı sanksiyalar tətbiq edib. Bu barədə məlumatı “Reuters” yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirir ki, ABŞ-nin sanksiyalarına görə ölkəni ağır nəticələr gözləyir, çünki məsələ yalnız bir şirkətlə bağlı deyil. O, neft təchizatı olmadan “NIS”in noyabrın birinə qədər fəaliyyətini davam etdirə biləcəyini deyir.

ABŞ “NIS” şirkətinə qarşı sanksiyaları hələ yanvar ayında Rusiyanın enerji sektoruna qarşı sanksiyalar paketini elan edərkən tətbiq edib. Lakin qeyd olunan məhdudiyyətlərin tətbiqi bir neçə dəfə təxirə salınıb.

“NIS” Serbiyada ən böyük neft idxalçısıdır və Rusiyanın Avropada qalan sonuncu enerji aktivlərindən biridir.

“NIS”in xam neftin əsas hissəsini Xorvatiyadan aldığı “JANAF” boru kəmərinin operatoru artıq Serbiyaya enerji resurslarının tədarükünü dayandırdıqlarını elan edib.

Medianın yazdığı kimi, “NIS”in səhmlərinin 29,9%-i Serbiya hökumətinə, 44,9%-i “Gazprom Neft”ə məxsusdur, 11,3%-i isə “Gazprom”un investisiya bölməsinə aiddir.

“NIS” şirkəti öz müştərilərinə “American Express”, “Mastercard” və ya “Visa” kartları ilə yanacaq ala bilməyəcəklərinə dair məlumat verib.