ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə biznes və ya turistik vizalar almaq istəyənlərə 15 000 dollara qədər zəmanət məbləği ödəmək öhdəliyi qoyula bilər
ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə biznes və ya turistik vizalar almaq istəyənlərə 15 000 dollara qədər zəmanət məbləği ödəmək öhdəliyi qoyula bilər

ABŞ Dövlət Departamenti belə bir təşəbbüslə çıxış edir ki, biznes və ya turistik vizalar almaq istəyən şəxslər 15 000 dollara qədər zəmanət məbləği ödəməli olsunlar. Bu barədə “Associated Press” məlumat yayıb.

Medianın yazdığına görə, 5 avqustda Federal Reyestrdə dərc olunacaq bildirişə əsasən, Dövlət Departamenti qeyd edir ki, bu yenilik yalnız o ölkələrə şamil ediləcək ki, onların vətəndaşlarının viza müddətlərini pozma halları yüksəkdir və ya onların sənəd təhlükəsizliyi üzrə daxili nəzarət sistemi yetərincə işləməyib. Belə hallarda həmin ölkələrin vətəndaşları viza müraciəti zamanı 5 000–15 000 dollar arası zəmanət məbləğini ödəməyə borclu olacaqlar.

Həmin bildirişdən aydın olur ki, bu öhdəlik pilot (sınaq) proqramı çərçivəsində həyata keçiriləcək və bir il davam edəcək.

Zəmanət məbləği ödəməli olacaq ölkələrin siyahısı proqram işə salındıqdan sonra açıqlanacaq. Bununla yanaşı, fərdi hallardan asılı olaraq, bəzi şəxslər zəmanət məbləği ödəməkdən azad edilə bilər.

Həmçinin, ABŞ-la vizasız rejimdən istifadə edən ölkələrin vətəndaşları bu məbləği ödəmək məcburiyyətində olmayacaqlar.

Bu təklif Dövlət Departamenti tərəfindən Tramp administrasiyasının ABŞ vizası almaq istəyənlər üçün tələbləri sərtləşdirdiyi bir şəraitdə irəli sürülüb. Keçən həftə Dövlət Departamenti bildirmişdi ki, çoxlu sayda viza almaq istəyən şəxs artıq müsahibədən keçməli olacaq, halbuki bu, əvvəllər məcburi deyildi.