ABŞ Dövlət Departamenti İranın Avropa və Birləşmiş Ştatlardakı xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı Kanada və Avropa ölkələri ilə birlikdə birgə bəyanat yayıb
İranın Avropa və Birləşmiş Ştatlardakı xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı ABŞ, Birləşmiş Krallıq, Albaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İspaniya, Niderland və İsveç birgə bəyanat yayırlar.
Qeyd olunan ölkələr öz ərazilərində İran kəşfiyyat xidmətləri tərəfindən artan təhlükələri pisləyirlər.
“İran kəşfiyyat xidmətlərinin suverenliyimizi açıq şəkildə pozmaqla Avropa və Şimali Amerikada insanları öldürmək, oğurlamaq və təqib etmək səylərini pisləyirik. Bu xidmətlər Avropa və Şimali Amerikada jurnalistləri, dissidentləri, yəhudi vətəndaşları, hazırkı və keçmiş məmurları hədəf almaq üçün getdikcə daha çox beynəlxalq cinayətkar təşkilatlar ilə əməkdaşlıq edirlər. Bu, qəbuledilməzdir. Məqsədindən asılı olmayaraq bu cür hücumları suverenliyimizin pozulması kimi qiymətləndiririk. Biz bu hərəkətlərin qarşısını almaq üçün birgə işləmək öhdəliyi götürürük və İran hakimiyyətini ərazimizdəki bu cür qanunsuz fəaliyyətə dərhal son qoymağa çağırırıq” – birgə bəyanatda deyilir.