ABŞ-də Gürcüstanın səfiri Tamar Taliaşvili Dövlət Departamentinin nümayəndələrini qəbul edib
ABŞ-də Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili ABŞ Dövlət Departamentinin nümayəndələrini — Planlaşdırma Siyasəti üzrə baş müşaviri Conatan Askonas və xüsusi köməkçi Çarlz Yoku Gürcüstanın ABŞ-dəki səfirliyində qəbul edib. Bu barədə məlumatı Gürcüstanın ABŞ-dəki səfirliyi sosial şəbəkədə yayıb.
Məlumata görə, gürcü tərəfi ABŞ ilə münasibətlərin yenidən yüklənməsinə hazır olduğunu bir daha ifadə edib və iki ölkə arasında strateji tərəfdaşlığın bərpasının vacibliyini vurğulayıb.
“Görüş çərçivəsində tərəflər Gürcüstan və ABŞ arasında mövcud ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə ediblər. Gürcüstanın regional bağlantı rolu qeyd olunub və Orta Dəhlizin nəqliyyat potensialı müzakirə edilib. Beynəlxalq səviyyədə davam edən və inkişaf edən proseslərə toxunulub, regionda sülhün və sabit inkişafın əhəmiyyəti xüsusi vurğulanıb.
Amerika tərəfi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib”, – deyə səfirliyin məlumatında bildirilir.