ABŞ-dakı Gürcüstan səfirliyi: 2001-ci il 11 sentyabr faciəsində həlak olanların xatirəsini ehtiramla yad edir, Amerika Birləşmiş Ştatlarına həmrəyliyimizi bildiririk
2001-ci il 11 sentyabr faciəsi həm Amerika xalqının, həm də beynəlxalq ictimaiyyətin yaddaşında silinməz iz buraxıb. Bu barədə ABŞ-dakı Gürcüstan səfirliyi sosial şəbəkədə yazıb.
Səfirlik faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad edir və Amerika Birləşmiş Ştatlarına həmrəyliyini bildirir.
“Bu gün 11 sentyabr faciəsinin baş verməsindən 25 il ötür. Bu faciə həm Amerika xalqının, həm də bütün beynəlxalq ictimaiyyətin yaddaşında dərin və silinməz iz buraxıb. 2001-ci il 11 sentyabr bəşər tarixinin ən ağır və faciəli hadisələrindən biri olaraq qalacaq. Bu hadisə əsrin əvvəlində bizə bir daha göstərdi ki, ən ağır sınaqlar zamanı belə qarşılıqlı dəstəyi, həmrəyliyi və birliyi qoruyub saxlamaq mümkündür.
Hərbçilər, yanğınsöndürənlər, xilasedicilər və sıravi vətəndaşlar öz həyatlarını riskə ataraq fədakarlığın qəhrəmanlıq nümunələrini göstərdilər. Bu səbəbdən 11 sentyabr əbədi olaraq yalnız böyük faciənin deyil, həm də insan ləyaqətinin, mətanətinin və həmrəyliyinin simvolu kimi yadda qalacaq.
Misli görünməmiş miqyasda baş verən bu terror hücumu nəticəsində 3 minə yaxın günahsız insan həyatını itirdi, onların ailələri isə ağır itki ilə üzləşdi. Həlak olan hər bir şəxsin xatirəsini ehtiramla yad edir, onların ailələrinin dərdinə şərik oluruq. Amerika Birləşmiş Ştatlarına həmrəyliyimizi bildiririk”, – deyə ABŞ-dakı Gürcüstan səfirliyi yazıb.