ABŞ-da Gürcüstanın yeni səfiri və Avropa Şurasında yeni daimi nümayəndəsi olacaq
ABŞ-da Gürcüstanın yeni səfiri və Avropa Şurasında yeni daimi nümayəndəsi olacaq

ABŞ-da Gürcüstanın yeni səfiri, Avropa Şurasında isə yeni daimi nümayəndəsi təyin olunacaq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezident Mixeil Kavelaşviliyə ABŞ-da Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Tamar Taliaşvilinin, Avropa Şurasında Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə isə Xatia Tsilosaninin namizədliklərini təqdim edib.

Tamar Taliaşvilinin diplomatik xidmət, dövlət sektoru və akademik fəaliyyət sahələrində çoxillik təcrübəsi var.

O, 2022-ci ildən bu günə qədər Avropa Şurası yanında Gürcüstanın daimi nümayəndəsi vəzifəsini icra edib. Həmçinin, Avropa Şurası Parlament Assambleyasının Media və İnformasiya Cəmiyyəti Alt Komitəsinin sədri vəzifəsində çalışıb, 2018–2020-ci illərdə isə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti olub.

Tamar Taliaşvili müxtəlif dövrlərdə Gürcüstan Parlamentində İdman və Gənclərlə İş üzrə Komitə sədrinin müavini, Təhsil və Elm Komitəsinin sədr müavini, daha sonra isə həmin komitənin birinci müavini kimi çalışıb. O, həmçinin Tbilisi Bələdiyyə Məclisinin Təhsil və Mədəniyyət Komissiyasının sədri və Gürcüstanın Yerli Özünüidarəetmə Milli Assosiasiyasının vitse-prezidenti olub. Taliaşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Avropa Şurasında Gürcüstanın daimi nümayəndəsi Xatia Tsilosani olacaq. Xatia Tsilosani 2019–2020-ci illərdə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini olub.

O, həmçinin Kənd Təsərrüfatı Nazirliyində aparıcı vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə Gürcüstan Parlamentinin üzvü, Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Komitəsinin birinci müavini olub. Tsilosaninin beynəlxalq təşkilatlarda da iş təcrübəsi var.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.