Amerika Birləşmiş Ştatlarında 47-ci prezidenti seçirlər
Amerika Birləşmiş Ştatlarında noyabrın 5-də 47-ci prezidenti seçəcəklər. Prezident seçkilərində Respublikaçılar Partiyasından sabiq prezident Donald Tramp, Demokratlar Partiyasından isə vitse-prezident Kamala Harris mübarizə aparırlar.
Seçki sistemi
Amerika Birləşmiş Ştatlarının seçki sistemində Seçicilər Kollegiyası həlledicidir. Seçicilər Kollegiyasında hər bir ştatın təmsilçiliyi onun əhalisinin sayından asılıdır. Məsələn, Kaliforniyanın kollegiyada 55 səsi var.
Hər bir ştatda prezidentliyə namizəd tərəfindən seçicilərin səslərinin əksəriyyətinin qazanılması Seçicilər Kollegiyasının bütün səslərini almaq deməkdir. Məsələn, əgər Kaliforniyada əhali Demokratlar Partiyasının namizədini dəstəkləsə, o zaman o, Seçicilər Kollegiyasının 55 səsini alacaq.
Proporsional təmsilçilikdən istifadə edən Mein və Nebraska ştatları istisnadır.
Seçicilər Kollegiyasında ümumilikdə 538 nümayəndə var, seçkilərdə qalib gəlmək üçün isə prezidentliyə namizəd 270 səs qazanmalıdır.
Seçki kampaniyasının əsas məqamları
Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris seçki kampaniyası zamanı sosial məsələlərə, reproduktiv hüquqlara və sağlamlığa diqqət yetirirdi. Harris, inflyasiya ilə mübarizə və amerikalı seçicilərin yaşayış xərclərinin azaldılması da daxil olmaqla iqtisadi siyasətə mühüm yer ayırırdı.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki kampaniyasının əsas məsələsi də iqtisadiyyat olub. Tramp seçicilərə inflyasiyanı azaldacaq və yeni iş yerləri yaradacaq siyasətə qayıtmağı vəd edir. Həmçinin, Tramp qeyri-qanuni miqrasiya ilə bağlı məsələlərə diqqət yetirirdi.
Namizədlərin uğur qazanması üçün arqumentlər necədir ?
Donald Tramp
İqtisadiyyat amerikalı seçicilər üçün əsas prioritetdir. ABŞ-da işsizlik səviyyəsinin aşağı və fond bazarının çiçəklənməsinə baxmayaraq, amerikalılar üçün gündəlik xərclər artır.
Pandemiyadan sonra inflyasiya 1970-ci illərdən bəri görülməmiş səviyyəyə çatıb. Bu, Trampa “İndi dörd il əvvəlkindən daha mı yaxşısınız?” sualını verməyə imkan verir.
Sosioloji tədqiqatlara əsasən, amerikalıların yalnız dörddə biri ölkənin bu gün getdiyi istiqamətdən razı qaldığını deyir. Əhalinin üçdə ikisi yaxşı iqtisadi perspektiv görmür.
2021-ci ilin yanvarın 6-da Kapitoliyə hücuma, irəli sürülmüş ittihamlara və misli görünməmiş cinayət işi proseslərinə baxmayaraq, Donald Trampa dəstək bütün il ərzində stabil olaraq 40%-dən yuxarı idi.
Seçkilərdə iqtisadi vəziyyətdən başqa, emosional mövzular da çox vaxt həlledici olur. Demokratlar abortların belə olacağına ümid edirlər, Tramp isə miqrasiyaya mərc qoyur. Sorğular seçicilərin miqrasiya məsələsində Trampa daha çox etimad göstərdiyini göstərir.
Donald Trampın daha bir üstünlüyü ondan ibarətdir ki, o, qeyri-sabit dünyada güclü insan kimi görünür. ABŞ-ın sabiq prezidenti Ağ Evdə olduğu müddətdə dünyada heç bir böyük müharibənin başlamadığına tez-tez diqqət yetirir. Bir çox amerikalı müxtəlif səbəblərdən ABŞ-ın Ukrayna və İsrailə milyardlar göndərməsindən narazıdır və hesab edir ki, Baydenin dövründə ölkə daha zəif olub. Seçicilərin əksəriyyəti, xüsusən də kişilər Trampı Harrisdən daha güclü lider kimi görürlər.
Trampın qələbəsi halında, son 130 il ərzində ilk dəfə, ABŞ-ın bir dəfə seçkilərdə məğlub olan və sonra yenidən seçilən prezidenti olacaq.
Kamala Harris
Trampın üstünlüklərinə baxmayaraq, o, çox qütbləşmiş fiqur olaraq qalır. 2020-ci ildə Tramp Respublikaçılar Partiyasının namizədi kimi rekord sayda səs topladı, lakin məğlub oldu, çünki Baydeni daha yeddi milyon amerikalının dəstəklədiyi ortaya çıxdı. Bu dəfə Harris Trampın Ağ Evə mümkün qayıdışının yaratdığı qorxu üzərində oynayır. Harris Trampı “faşist” və demokratiya üçün təhlükə adlandırıb, eyni zamanda isə seçicilərə “dram və münaqişələrə” son qoyacağını vəd edib.
Qeyd edilməlidir ki, bu prezident seçkiləri ABŞ Ali Məhkəməsinin abortla bağlı konstitusiya hüququnu ləğv etməsindən sonra ilk seçki olacaq.
Abort hüquqlarını qorumaq istəyən seçicilər Harrisi dəstəkləyirlər. Həmçinin, Demokratlar Partiyasının namizədinin seçicilərinin daha fəal olacağı gözlənilir.
Sorğulara əsasən, ən çox Harrisi dəstəkləyən əhali qrupları (məsələn, yaşlılar və ali təhsilli insanlar) daha böyük ehtimalla seçki məntəqələrinə səs verməyə gedəcəklər. Harrisin qələbəsi halında, o, ABŞ-ın ilk qaradərili qadın prezidenti olacaq.