ABŞ Cənubi Koreya ilə ticarət razılaşması əldə edib
ABŞ Cənubi Koreya ilə ticarət razılaşması əldə edib

 

ABŞ Cənubi Koreya ilə ticarət razılaşması əldə edib. Bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

Cənubi Koreya Prezidenti Li Ce Miunq tərəfindən təşkil edilmiş şam yeməyindən əvvəl iki ölkə arasında razılaşma əldə edilib-edilmədiyi haqda suala Donald Tramp belə cavab verib: “Biz bunu etdik. Razılığa gəldik. Onu demək olar ki, sona qədər aparacağıq”.

ABŞ Prezidenti iki ölkə arasında razılaşmanın təfərrüatlarını konkretləşdirməyib.

Yayılmış məlumata əsasən, razılaşmanın əldə olunmasının elan edilməsindən qısa müddət sonra vonun məzənnəsi dollara qarşı 0,54% bahalaşıb.

Xarici medianın yazdığı kimi, ticarət sazişinin olmaması halında, Cənubi Koreyanın avtomobil və polad istehsalçıları iyulda razılaşdırılmış 15%-lik rüsum əvəzinə 25%-lik rüsum ödəməlidirlər. Bu onları Tokio ilə Amerika Birləşmiş Ştatları arasında əldə edilmiş razılaşmadan sonra 15%-lik rüsum ödəyən yapon rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salır.

Məlumat üçün bildirək ki, Tramp-Linin görüşü ABŞ Prezidentinin Malayziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 47-ci zirvə toplantısı ilə başlayan Asiya turnesi çərçivəsində keçirilib. Cənubi Koreya rəsmilərinin dedikləri kimi, ABŞ-na 350 milyard dollarlıq investisiya ilə bağlı məsələdə ölkələrin fikirləri hələ də bölünür, çünki Seul kreditlərin və kredit zəmanətlərinin hissəsini artırmaqla məbləği azaltmağa çalışır.