ABŞ Böyük Britaniya ilə bağlanmış texnologiya müqaviləsini dayandırıb
ABŞ Böyük Britaniya ilə bağlanmış texnologiya müqaviləsini dayandırıb

 

ABŞ Birləşmiş Krallıqla bağlanmış texnologiya müqaviləsini dayandırıb – bu haqda məlumatı “Financial Times” yayır.

Media vasitəsinin məlumatına əsasən, Vaşinqton Londonla ticarət danışıqlarının gedişatından məyusdur.

ABŞ və Birləşmiş Krallıq texnologiya müqaviləsinə Donald Trampın Böyük Britaniyaya səfəri zamanı, sentyabrda imza atıblar. Sənəd iki ölkə arasında süni intellekt və nüvə enerjisi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturdu.

Nəşrin qeyd etdiyi kimi, britaniyalı yüksək vəzifəli şəxslər ABŞ-nin ötən həftə müqaviləni dayandırdığını təsdiqləyiblər. Mənbələrdən biri qeyd edir ki, Donald Tramp administrasiyası Britaniyanı ticarət sahəsində güzəştlərə getməyə sövq edir. London və Vaşinqton arasında ticarət danışıqları Donald Trampın mayda rüsumları elan etməsindən sonra davam edir.

Qeyd etmək lazımdır ki, Birləşmiş Krallıq hər il 13 min ton Amerika ətini rüsumlar olmadan idxal etməyə razılaşıb. Buna baxmayaraq, Amerika tərəfi Amerika kənd təsərrüfatı məhsulları üçün Britaniya bazarına çıxışı yaxşılaşdırmaq istəyir.

Bundan başqa, Donald Tramp ABŞ-nin ticarət tərəfdaşları, o cümlədən Britaniya tərəfindən texnologiya şirkətlərinə tətbiq edilən Rəqəmsal Xidmətlər Vergisindən narazıdır.