ABŞ Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupundan (GRECO) çıxıb
ABŞ prezidenti Donald Tramp administrasiyasının qərarı ilə Amerika Birləşmiş Ştatları Avropanın korrupsiyaya qarşı mübarizə üzrə əsas nəzarət qurumunu tərk edib. Bu barədə “Associated Press” yazır.
“Associated Press”in məlumatına görə, bu addım ABŞ-ın beynəlxalq və çoxtərəfli təşkilatlardan çıxmaq planını davam etdirdiyi bir vaxtda atılıb. Vaşinqton həmin qurumları səlahiyyətlərini aşmaqda, səmərəsiz olmaqda və ya ABŞ siyasətinə uyğun gəlməməkdə ittiham edir.
Medianın məlumatına görə, Avropa Şurası çərşənbə axşamı bildirib ki, ABŞ bir gün əvvəl Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO-dan çıxmaq barədə rəsmi bildiriş təqdim edib. Bundan əvvəl GRECO-nu yalnız iki ölkə – Rusiya və Belarus tərk edib.
ABŞ Dövlət Departamenti bu məlumatı təsdiqləyib və bildirib ki, hər il maliyyə ödənişi tələb edən GRECO-da ABŞ-ın iştirakı “ABŞ-ın milli təhlükəsizliyi üçün nəzərəçarpacaq fayda vermir”.
“Beynəlxalq bürokratik strukturlara çek yazmaq dövrü başa çatıb. Bunun əvəzinə, departament korrupsiyaya qarşı mübarizənin daha effektiv vasitələrinə, o cümlədən viza məhdudiyyətlərinə, sanksiyalara və məqsədyönlü xarici yardıma üstünlük verir. Məqsəd ABŞ-ın təhlükəsizliyi və rifahı üçün birbaşa təhdid yaradan korrupsiyaya qarşı xarici ölkələrdə aparılan araşdırmaları gücləndirməkdir”, – deyə departamentin açıqlamasında bildirilir.
Strasburqda yerləşən Avropa Şurası bildirib ki, ABŞ GRECO-nun fəaliyyətində “dəyərli töhfə verən ölkə” olub və “korrupsiyanın qarşısının alınması və onunla mübarizə sahəsində təcrübə və ən yaxşı təcrübələrin bölüşdürülməsinə” töhfə verib.
“GRECO gələcəkdə korrupsiyanın qarşısının alınması, dürüstlüyün gücləndirilməsi və qanunun aliliyinin qorunması istiqamətində birgə səyləri dəstəkləmək məqsədilə ABŞ-la əməkdaşlığı yenidən bərpa etməyə hazırdır”, – deyə Avropa Şurasının bəyanatında qeyd olunur.
Bu qərar ATƏT-in ABŞ-ın noyabr ayında keçirilməsi planlaşdırılan Konqresə aralıq seçkilərinə müşahidəçi qismində üzv ölkələrin nümayəndələrini dəvət etməkdən imtina etdiyini açıqlamasından bir həftə sonra elan edilib.