ABŞ Avropa İttifaqı, Çin və daha 58 ticarət tərəfdaşının məhsullarına 10 və 12,5 faizlik yeni gömrük tarifləri tətbiq edib
Donald Tramp administrasiyası Avropa İttifaqı, Çin və daha 58 ticarət tərəfdaşının məhsullarına 10 və 12,5 faizlik yeni gömrük tarifləri tətbiq edib.
“Reuters” agentliyinin məlumatına görə, Ağ Ev qəbul edilən qərarı həmin ölkələrdə məcburi əməyin qadağan olunması ilə bağlı qaydaların lazımi səviyyədə icra edilməməsi ilə əsaslandırır.
Qeyd olunur ki, yeni tənzimləmə əvvəl qüvvədə olan müvəqqəti 10 faizlik qlobal tarifin müddəti başa çatdığı vaxtda qüvvəyə minib.
Xatırladaq ki, cari ilin fevral ayında ABŞ Ali Məhkəməsi Trampın ötən il “Milli fövqəladə vəziyyət haqqında” qanun əsasında tətbiq etdiyi 10 faizdən 50 faizədək tarifləri ləğv edib. Həmin tariflər ABŞ-ın ticarət kəsirinin azaldılmasına yönəlmişdi.
Yeni məhdudiyyətlər ABŞ idxalının 99,4 faizini əhatə edir. Bununla belə, bir sıra məhsullar, o cümlədən neft, təbii qaz, gübrələr və bəzi qida məhsulları tariflərdən azad edilib.